Azərbaycan Skautlar Assosiasiyasının (ASA) fəal üzvlərindən biri olan Fərid Əliyev, 3–7 mart 2025-ci il tarixlərində Macarıstanın Budapeşt şəhərində keçirilmiş “Pieces of Peace: Building Capacity with Youth Navigating Conflict” adlı beynəlxalq tədbirdə iştirak edərək təşkilatımızı uğurla təmsil etmişdir.
Tədbirin əsas məqsədi gənclərlə çalışan şəxsləri və cəmiyyətlərində müsbət dəyişikliklər yaratmağa çalışan fəalları sülh quruculuğu, insan hüquqları və münaqişələrin dinc yolla həlli sahələrində dəstəkləmək olmuşdur. Bu məqsədlə iştirakçılar arasında dialoqu təşviq edən, innovativ metodların tətbiqinə şərait yaradan və qarşılıqlı öyrənməyə əsaslanan əməkdaşlıq mühiti formalaşdırılmışdır.
Tədbir çərçivəsində yerli icmalarda sülh təşəbbüslərinin necə həyata keçirilə biləcəyi geniş şəkildə müzakirə olunmuş, iştirakçılara bu istiqamətdə mühüm bacarıqlar aşılanmışdır. Həmçinin, münaqişələrin transformasiyasına yönəlmiş alətlərlə tanışlıq, qeyri-formal təhsilin ən yaxşı təcrübələrinin paylaşılması və sosial ədalətsizliklərə qarşı strategiyaların hazırlanması tədbirin əsas istiqamətlərindən biri olmuşdur.
Azərbaycan skautlarının bu beynəlxalq platformada iştirakı, həm təşkilatımızın dəyərlərinin qlobal səviyyədə tanıdılması, həm də yerli icmalarda sülh, anlayış və birgəyaşayış mədəniyyətinin inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





