Bu gün Azərbaycan Skautlar Assosiasiyasının yeni və davamlı formatda həyata keçirilən “Skautlar sual verir” adlı görüşlər silsiləsinin ilk tədbiri baş tutub.
Görüşün qonaqları Xalq artisti Qurban İsmayılov və Hoçaz Film Studiosunun direktoru, gənc rejissor Amil Məmiyev olub. Tədbir HoçazFilm Studiosu və NAYORA-nın təşkilatçılığı ilə reallaşdırılıb.

Görüş boyunca skautlar öz sualları ilə söhbətin əsas xəttini formalaşdırıb və qonaqlarla səmimi dialoq qurublar.
Xalq artisti Qurban İsmayılov gənc skautlarla özünün keşməkeşli həyat yolu və peşəkar mübarizəsi barədə səmimi fikirlərini bölüşüb. O, uğura gedən yolun asan olmadığını, lakin aydın hədəf və güclü istəyin insanı hər bir çətinliyin fövqünə qaldıra bildiyini xüsusi vurğulayıb. Xalq artisti, eyni zamanda, insanın hansı şəraitdə olmasından asılı olmayaraq irəli baxmasının, ümidsizliyə qapılmamasının, daxili gücünü qorumasının vacibliyini qeyd edib. Yaradıcılığın yalnız sənət deyil, eyni zamanda düşüncə tərzi olduğunu bildirən Qurban İsmayılov, davamlı inkişaf, zəhmət və səbrin hər bir uğurun əsas təməl daşları olduğunu skautların diqqətinə çatdırıb.

Görüşün digər qonağı, gənc rejissor Amil Quliyev isə kino sahəsi ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırıb. O, kino sənayesinin daxili mexanizmləri, yaradıcı proses, ideyadan ekran işinə gedən yol, eləcə də bu sahədə peşəkarlaşmaq üçün tələb olunan bilik və bacarıqlar haqqında ətraflı məlumat verib.
“Skautlar sual verir” görüşlərinin əsas məqsədi skautları öz sahəsində uğur qazanmış, peşəkar mühitdə tanınan incəsənət nümayəndələri, iş dünyasının təmsilçiləri, dövlət və ictimai xadimlərlə birbaşa ünsiyyətə cəlb etməkdir.

Eyni zamanda görüşlər interaktiv mühitdə keçirilir və skautları maraqlandıran sualların birbaşa ünvanlanmasına, real həyat təcrübələrindən öyrənməyə və motivasiya qazanmalarına şərait yaradır.
Qeyd edək ki, “Skautlar sual verir” təşəbbüsü davamlı xarakter daşıyır və növbəti mərhələlərdə müxtəlif sahələrdə uğur qazanmış tanınmış və peşəkar şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlər gənc skautların dünyagörüşünün genişlənməsinə, peşə seçiminə və şəxsi inkişafına töhfə verməyi hədəfləyir.
