Dünya Skaut Hərəkatı Təşkilatının (WOSM) Avropa Regionu üzrə nümayəndələri Azərbaycana rəsmi səfər çərçivəsində ölkəmizdə olublar. Səfərin əsas məqsədi Azərbaycan Skautlar Assosiasiyası (ASA) ilə Avropa Regionu arasında mövcud əməkdaşlığı daha da möhkəmləndirmək və qarşılıqlı inkişaf imkanlarını araşdırmaqdan ibarət olub. Nümayəndə heyəti Bakı şəhərində, eləcə də regionlarda səfərdə olaraq ölkəmizdəki skaut fəaliyyəti ilə yaxından tanış olmuş, ASA-nın Milli Komitəsi və Milli Müvəkkilləri ilə görüşlərdə iştirak etmişdir.
Səfər çərçivəsində qonaqlar Qobustan Dövlət Tarix-Bədii Qoruğunu ziyarət etmiş və Lənkəran şəhərində səyyah skautlarla görüş keçiriblər. Görüşlər zamanı yerli skautlar öz layihə və təşəbbüsləri barədə məlumat vermiş, qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası 2023-cü ildən etibarən WOSM Avropa Regionunun tamhüquqlu üzvü kimi fəaliyyət göstərir və bu çərçivədə beynəlxalq əməkdaşlıqların dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılır.








