Sentyabrın 1-də Azərbaycan Sakutlar Assosiasiyasının da dəstəkçisi olduğu və Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Xaçmaz çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçirilib.
Bu ilin ilk aksiyası Xaçmazın Xəzər dənizi sahillərində baş tutub və Xaçmaz Skautlarının iştirakı ilə sahilyanı ərazilər tullantılardan təmizlənib.
Qeyd edək ki, Xaçmaz Skautlarının aksiyada iştirakı dəstə lideri Təranə Fərzəliyevanın beynəlxalq kurs olan “Wood Badge” tapşırığı çərçivəsində baş tutub. Aksiyada 20-yə yaxın Xaçmazlı skautlar, dəstə liderləri və Milli Baş Müvəkkil Ülvi Məmmədov iştirak edib.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etmək məqsədilə keçirilən aksiyada bir neçə hektar ərazidən ümumilikdə 500 kiloqrama yaxın tullantı toplanılıb.
Son 30 ildən çox müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabrın üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 12 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.
Xatırladaq ki, Azərbaycanda son 12 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Bu il təkcə Bakı deyil, ölkəmizin Xəzəryanı rayonlarında aksiyalar keçiriləcəkdir.






