Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hislərinin yüksəldilməsi, ekstrimal hallardan çıxış yollarının öyrədilməsi, yeniyetmə və gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də skaut hərəkatının regionlarda inkişafına dəstək olmaqdan ibarətdir.

And içmiş skautlara sədr tərəfindən fəxri nişan təqim olunarkən

9 rayondan 150-dən çox skautun iştirak etdiyi düşərgə bu il iki hissədən ibarət olub və ilk hissə ötən həftə Masallı rayonunda baş tutub.

Mövzusu “Sirlər xəzinəsi” olan düşərgə “Nizami Gəncəvi İli”nə həsr edilib və 5 günlük proqram dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı üzərində qurulub.

Skaut düşərgəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən 10 ildən çoxdur həyata keçirilir və indiyədək Xacmaz, Quba, Lerik, Şəmkir, Gəncə, Masallı, Şamaxı, Qax və digər rayonlarda təşkil edilib. Növbəti düşərgənin məktəblilərin payız tətili ərəfəsində təşkili planlaşdırılır.

XALIT – 2 DÜŞƏRGƏSİ BAŞLAYIB

“Xalıt”adlı skautların macəralı yay düşərgəsi Şamaxı rayonunun Qaladərəsi kəndində yerləşən Şahdağ Milli Parkının qoynunda salınıb. Düşərgənin adı da elə kənddən 3 km məsafədə yerləşən ecazkar Xalıt şəlaləsindən götürülüb. Şəlalə meşəliklə əhatə olunmuş təxminən 30 metr hündürlükdə qayalardan axaraq ağacların bağrında gizlənmiş əsrarəngiz gözəlliyə sahib, dağların qoynuna sığınmış təbiət incisidir.

3 gün davam edən “Xalıt” adlı skautların macəralı yay düşərgəsinin ikinci hissəsi həyata keçirildir. Düşərgənin ikinci hissəsini də uğurla həyata keçirən skautlara eyniylə psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə” və digər təlimlər həyata keçirilib.

XALIT – 1 DÜŞƏRGƏSİ YEKUNLAŞIB

3 gün davam edən düşərgədə skautların psixoloji, sosial, fiziki, əqli, emosional və xarakterlərinin inkişafı məqsədilə “Free Being Me”, “Dayanıqlı İnkişaf Məqsədləri”, “Oxatma”, “Atıcılıq”, “Komanda quruculuğu”, “Zərərdən müdafiə” və digər təlimlər həyata keçirilib.Gecələri düşərgə tonqalı ətrafına yığışan skautlar müxtəlif fəaliyyətlər və çıxışlarla öz xüsusi bacarıqlarını nümayiş etdiriblər.

Düşərgənin növbəti günlərində skautlar keçilməz yolları aşaraq meşə yürüşü həyata keçiriblər. Daha sonra mədəniyyət gecəsi proqramına qoşularaq öz bölgələrinə məxsus mətbəx nümunələrini sərgiləyib, milli rəqsləri nümayiş etdiriblər.

Düşərgənin sonuncu günü skautların əyləncəli oyunlarından olan “kokteyl” oyununa qoşulublar. Oyunun əsas məqsədi bütün sınaqlardan uğurla keçərək əldə etdikləri ərzaqlardan kokteyl hazırlamaq və münsiflər heyətinə təqdim etməkdən ibarətdir. Ancaq skautlar üçün əsas olan kokteylin dadı yox, yoldaşları ilə birgə etdikləri mücadələnin dadıdır – heç vaxt unuda bilməyəcəkələri birlikdə mübarizənin dadı.

Növbəti düşərgələrdə görüşmək ümüdi ilə düşərgədən ayrılan skautlar gözəl təəssüratlarla evlərinə yola salınıblar.