“Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” öz işinə başlayıb.

Azərbaycanda ilk dəfə keçirilən “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” beynəlxalq layihəsi 18 fevral tarixindən etibarən öz işinə başlayıb. Bu proqram skautların ən yüksək dərəcəli təlim proqramıdır və Milli Təlim Proqramı çərçivəsində həyata keçirilir.

24 fevral tarixinədək həyata keçiriləcək layihə çərçivəsində iki istiqamət üzrə: “Wood Badge” və Təməl Liderlik kursları davam edir. Milli Təlim Proqramının həyata keçirilməsi üçün təlimçilər və fasilitatorlar Amerika Birləşmiş Ştatlarından və Türkiyə Cümhuriyyətindən dəvət edilmiş skautmasterlərdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Cırtdan” – Uşaq İstirahət və Sağlamlıq Mərkəzində baş tutan beynəlxalq “Wood Badge” kursu çərçivəsində düşərgə ərazisinə gələn müdavimlər yerləşmə və nahar və patrullara bölündükdən sonra onlara “Yüksək dərəcəli liderlik kursu”, “Müxtəlif yaş qruplarının tapşırıqları” və digər təlimlərə qoşulublar. Paralel olaraq Təməl Liderlik kursu iştirakçıları isə “Düşərgənin qurulması”, “Komandanın idarə edilməsi”, “Patrul sistemi anlayışı” və digər təlimlərdə fəal iştirak ediblər.

Düşərgənin ikinci gününün davamında iştirakçılar “Skautiqin tarixi və skautinqin predmeti”, “Skautinqin əsas prinsipləri”, “Struktur”, “Qol komandaları, balta, bıçaq istifadəsi”, “Bacarıqların kurikulumu” və digər təlimlərə qoşulublar. Gün sonunda onlar öz axşam yeməklərini birgə hazırlayaraq patrul ruhunu atrırıblar.Gün sonu düşərgə tonqal ətrafında birləşərək ənənəvi skaut fəaliyyətləri icra edən skautlar qəlblərini isidiblər.

Qeyd edək ki, “Wood Badge” böyükyaşlılar üçün peşəkar səviyyədə həyata keçirilən qabaqcıl liderlik təlimidir. Bir və daha çox həftədən ibarət olan təlim, skaut metodları və patrul təcrübəsini yaşamaqla peşəkar skaut ustadları tərəfindən öyrədilir. “Wood Badge” proqramı iştirakçılara skaut bacarıqlarından daha çox Liderlik bacarıqlarını öyrətmək və inkişaf etdirməkdən ibarətdir. Bu bacarıqlar skautinqlə yanaşı həyatın bütün sahələrində istifadə edilə bilən bacarıqlardır.

Milli Təlim Proqramının liderlik kurslarına start verilib

Azərbaycan Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olmuş “Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin də dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin yetişdirilməsi, onların liderlik bacarıqlarının ortaya çıxarılması, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərimizin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştirakını təmin etməkdir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, ABŞ və Türkiyə skautmasterləri və Azərbaycan Skautlar Assosiasiyasının rəsmiləri öz növbələrində skautinqin gənclərə və ətraf mühitə verdiyi faydaları bir daha xatırladıb, daha uğurlu lider olmaqda praktiki liderlik təlimlərinin önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu ediblər.

Gənclər və idman naziri skautlarla görüşüb

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov dekabrın 28-də skautların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil edilmiş tədbirində iştirak edib.

Əvvəlcə Azərbaycan Skautlar Assosiasiyasının ofisi, “CrosfitScout” idman zalı ilə tanış olub. Assosiasiyanın sədri Emin Babayev və məsləhətçisi İlyas İsmayıllı təşkilatın fəaliyyəti, layihələri, beynəlxalq əməkdaşlıq və gələcək hədəfləri barədə, həmçinin gənclər üçün təqdim etdilən xidmətlər, qış və yay düşərgələri, hər həftə qruplar üzrə keçirilən görüşlər və təlimlər barədə məlumat veriblər.

Sonra nazir skautlarla söhbət edib, skaut tonqalı ətrafında gənclərin təklif və ideyalarını dinləyib. Assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayaraq birgə əməkdaşlığa dair fikirlərini bildirib. Fərid Qayıbov sonda skautları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıb.

Görüşdə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və Kadr hazırlığı sektorunun baş məsləhətçisi Ramil Cabbarov da iştirak ediblər.

“Turan Skautları” layihəsi qrant müsabiqənin qalibi olub

Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri elan edilib. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqənin nəticələrinə əsasən maliyyələşdiriləcək layihələr sırasında Azərbaycan Skautlar Assosiasiyasının təqdim etdiyi “Turan Skautları” layihəsi də yer alır.

Müsabiqəyə 123 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim edib. Təqdim edilmiş hər bir layihə təhlil edilib. Təhlil zamanı layihənin davamlılığı, əhəmiyyəti, aktuallığı, daha çox gəncin əhatə edilməsi, göstərilən problemlərin əsaslandırılması, həmçinin, təşkilatın daxili idarəetmə strukturunun formalaşması, möhkəmlənməsi, təşkilatların təcrübələri, layihələrin icra planları, layihəyə cəlb edilən gənclər qrupu haqqında məlumatlar və s. bu kimi məqamlar nəzərdən keçirilib, layihələrin büdcə hissəsi möcvud normativlərə və ehtimal olunan bazar qiymətlərinə uyğunluğu yoxlanılıb.

Nəticədə aşağıdakı gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ümumilikdə, 632.316 manat məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. 

Layihələrin icrası ilə bağlı 15-25 dekabr 2021-ci il tarixlərində müqavilələrin bağlanması və müvafiq sənədləşmə işlərinin aparılması planlaşdırılıb.