18-ci Avropa Skaut Konfransı çərçivəsində, Azərbaycan Skautlar Assosiasiyası olaraq fəxrlə bildiririk ki, bizim təşəbbüsümüz və tərəfimizdən hazırlanan “EUR-2025-R05 – Regional Tədbirlərə Bərabər Girişin Maliyyə Həmrəyliyi Mexanizmləri ilə Təmin Edilməsi” adlı qətnamə səs çoxluğu ilə qəbul olundu!
Bu qətnamə, Avropa regionunda keçirilən skaut tədbirlərində bütün ölkələrin skaut təşkilatlarının ədalətli və əlçatan iştirakını təmin etmək üçün maliyyə həmrəyliyi əsaslı mexanizmlərin tətbiqini nəzərdə tutur.
Qətnamə ilkin olaraq Azərbaycan Skautlar Assosiasiyası tərəfindən hazırlanıb. Daha sonra İsveç, Azərbaycan və əlavə olaraq 11 ölkənin skaut təşkilatları – Norveç, İslandiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Avstriya, Belçika, Rumıniya, Ukrayna, Macarıstan və İspaniya ilə birlikdə təqdim edilən dəyişikliklərlə yekunlaşdırılıb və ölkələr səviyyəsində keçirilən səsvermə nəticəsində çoxluğun dəstəyi ilə qəbul olunub.
Bu uğur — həm ASA komandamızın peşəkarlığının, həm də regionda inklüziv və həmrəy bir skaut mühitinin qurulmasına verdiyimiz töhfənin bariz nümunəsidir.
Bu nailiyyətdə əməyi keçən bütün komanda üzvlərimizə və bizə dəstək olan tərəfdaş təşkilatlara dərin təşəkkürümüzü bildiririk!



