Ölkə gənclərinin ümumdünya skaut hərəkətində iştirakı, Azərbaycan Skautlar Assosiasiyasının yaranması və uğurla fəaliyyət göstərməsi də məhz Ümummilli Liderimiz cənab Heydər Əliyevin gənclərə olan atalıq qayğısı və hərtərəfli köməyi nəticəsində mümkün olmuşdur. Sevindirici haldır ki, 1997-ci ildə təsis olunmuş və əsas məqsədi vətənpərvər, kamil və layiqli ölkə gənclərinin formalaşdırılmasına kömək göstərmək olan milli assosiasiya qısa müddətdə Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir və hal-hazırda nüfuzlu beynəlxalq təşkilatda Azərbaycanı layiqincə təmsil edir.

Skaut tarixi

Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hazırda 216 dünya ölkələrindən 35 milyon uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək» devizi altında fəaliyyət göstərirlər. Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafı regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir.

Azərbaycan Skautlar Assosiasiyası (ASA)

Azərbaycan Skautlar Assosiasiyası (ASA) 1997-ci il 11 oktyabr tarixində təsis olunmuşdur və 2000-ci il 20 avqustda Ümumdünya Skaut Hərəkatı Təşkilatına tam hüquqlu üzv qəbul edilmişdir. ASA öz fəaliyyətini Ümumdünya Skaut Hərəkatı Təşkilatının məqsədi, prinsipləri, qanunları və qaydalarına əsasən qurmuşdur. Onun başlıca məqsədi öz ölkəsinin gənclərinin tərbiyyə olunmasına, vətənpərvər, kamil və layiqli Azərbaycan vətəndaşlarının formalaşdırılmasına kömək göstərməkdir. Bundan başqa, skaut kamplar zamanı skautlar qeyri-adi vəziyyətlərdən çıxış üsullarını, dağçılıq və s. bu kimi idman sahələrinin müasir avadanlıqlarından istifadə və yaralıya ilk tibbi yardım göstərmək qaydalarını öyrənirlər. Eyni zamanda respublikada skautlar xarici ölkələrdə keçirilən beynəlxalq gənclər tədbirlərində, kamplarda, təlim kurslarında, konfranslarda, iclaslarda iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişlər. Keçən illər ərzində assosiasiya üzvləri Böyük Britaniyada «Qilverd Park» təlim mərkəzində Skaut üzvləri üçün ən yüksək səviyyəli sayılan təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş, Meksikada keçirilən skaut liderlərinin XI Ümumdünya toplantısında iştirak etmiş, ABŞ, İsveçrə, Polşa, Yunanıstan, Macarıstan, Fransa, Rusiya, Belarusiya, Gürcüstan, Almaniya, Birləşmiş Ərəb Əmirliklərində, Misirdə, Türkiyədə və digər ölkələrdə gənclərin beynəlxalq düşərgələrində birgə tədbirlərə qatılmışlar. Assosiasiya üzvləri ənənəvi olaraq hər ilin payızında internetdə və radioda gənclərin ümumdünya toplantısında iştirak edir. Həmin günlər bütün dünya skautları internet və radio vasitəsilə bir birilə əlaqə yaradaraq, gördükləri faydalı işlər haqqında fikir mübadiləsi aparır, dünya gənclərini narahat edən problemlər haqda söhbət edirlər. Ən başlıcası isə gənclər arasında dostluq əlaqələri daha da genişlənir.

Təşkilatın hədəf qrupu

Uşaqlar (10-14 yaş), Gənclər (14-29 yaş), Orta yaşlılar (29-50 yaş)

Təşkilatın fəaliyyət sahəsi

  • Gənclərin əməkdaşlığı
  • Gənclər arasında mübadilə
  • Ekologiya
  • Hərbi və vətənpərvərlik
  • Tədris və təlimləndirmə
  • İntellektual və komandaqurucu oyunlar

Azərbaycan Skautlar Assosiasiyasının loqosu

  • 2018