Skautlarımız səmti müəyyən etmə yarışında iştirak ediblər

Dənizkənarı Bulvar və İçəri Şəhər ərazilərində ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunan səmti müəyyən etmə üzrə “Zəfər Kuboku” yarışı keçirilib.

Beynəlxalq Könüllülər Günü həyata keçirilən yarış 44 skautumuzun iştirak ilə Səmti Müəyyənetmə İdman Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Sonda qalib olan skautlarımıza mükafatları təqdim edilib.

Skautlarımızı və Qrupa liderlik edən İradə Museyibovanı təbrik edirik.

AZƏRTAC-a istinadən xəbər veririk ki, 7 kateqoriya üzrə keçirilən yarışda 250-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.

Kişilər arasında elit kateqoriyada Neftçi İdman Klubunun idmançısı Gennadiy Klim yarışın qızıl medalını qazanıb. Yuriy Çernov (Dağçılıq İdman Klubu) ikinci, Mirzə Hüseynzadə (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü olub. Bu kateqoriyada qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin İdman Klubunun idmançısı Sevda Verdiyeva rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Nataliya Şiyanova (Dağçılıq İdman Klubu) yarışın gümüş, Elina Çerpakova (Neftçi İdman Klubu) isə bürünc medalını qazanıb.

Yarışda qonaq qismində iştirak edən “Azərbaycan bayrağı” ordenli polkovnik Tehran Mənsimov səmti müəyyənetmə idman növünün hərbi idman növü olduğunu qeyd edərək gənclərin bu idman növü ilə məşğul olmalarının vacibliyini qeyd edib, onlara gələcəkdə uğurlar arzulayıb.

Tədbirin sonunda polkovnik Tehran Mənsimov yarışın qalibi olmuş Dağçılıq İdman Klubuna “Zəfər Kuboku”nu təqdim edib.