“Wood Badge” nədir və niyə əhəmiyyətlidir?

İki il əvvəl ABŞ-ın Qərbi Virciniya ştatında dünyanın ən böyük düşərgəsi – Jamboree2019-da Azərbaycan Skautları üçün çox əhəmiyyətli və fəxrli hadisə baş verdi. Skautinq sahəsində aktiv böyükyaşlı üzvümüz Fatimə Əliyeva Azərbaycan Skautları arasında ilk Taxta Nişan alan skaut oldu və bizə böyük sevinc bəxş etdi.

2019 – Fatimə Əliyeva və Joao Armado, Virciniya, ABŞ

Bu mötəbər və əhəmiyyətli proqram 2022-ci ildə ilk dəfə Azərbaycanda baş tutacaq və illərdir skautinq sahəsində Azərbaycanda əhəmiyyətli dərəcədə fəaliyyət göstərmiş Liderlərimiz həmin proqramın iştirakçısı olaraq fəxrli və şərəfli Wood Badge-ə sahib olacaqlar.

Fatimə Əliyeva

Bilməyənlər soruşa bilər ki, “Wood Badge” nədir və nəinki Azərbaycan, hətta bütün dünyada olan 57 milyon skaut üçün niyə bu qədər əhəmiyyətlidir?

Taxta Nişan (Wood Badge) skautlar üçün təlim kursudur və nəticədə onlar sertifikat və təlimi keçdiyinə dair nişanlar əldə edirlər. Skautinqin banisi Lord Baden-Pauell 1919-cu ildə ilk kursu həyata keçirdi və iştirakçıların hər birinə Afrika komandiri Dinizuludan götürdüyü muncuqlardan birini verdi. Kursun adı beləcə yarandı, çünki onun simvolu sözün əsl mənasında taxta nişanı idi.

Wood Badge əlavə olaraq Skauinqin əsas təlim kursudur. Baden-Pauell onu elə tərtib edib ki, skautlar skaut bacarıq və üsullarını mümkün qədər praktiki şəkildə öyrənə bilsinlər. Bu, ilk növbədə, etməklə öyrənməkdir(Learning by doing). Kursun üzvləri patrul, onlar isə dəstə şəklində formalaşır. Bütün dəstə bir həftə boyunca açıq havada yaşayır, düşərgə qurur, öz yeməklərini bişirir və Skaut bacarıqlarını məşq edirlər.

Ümumiyyətlə Skautinqin unikallığı patrul metodudur. Altı və ya səkkiz nəfərdən ibarət patrul öz liderini seçən və bir çox öz fəaliyyətlərini planlaşdırıb həyata keçirən kiçik demokratik cəmiyyətdir. Burada onlar insanlarla işləməyi öyrənirlər. Burada da onlara liderlik və onları gələcək vətəndaş rollarına hazırlayan öyrənmə imkanları verilir. Bu səbəbdən bütün böyüklərin patrul metodunu hərtərəfli başa düşməsi çox vacibdir.”

Ülvi Məmmədov