Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin növbəti mərhələsi icra olunub.
Neftçalada baş tutan ilkin skaut təlimində iştirakçılar skautinq metodu, skaut liderliyi və praktiki skaut bacarıqlarını əhatə edən sessiyalarda iştirak ediblər.
Təlim sessiyaları ilk iki gün ASA-nın Biləsuvar rayonu üzrə Müvəkkili Ruslan Həsənov tərəfindən, sonuncu gün isə Milli Baş Müvəkkil Ülvi Məmmədov tərəfindən tədris edilib.
Daha sonra təhsilalanların inkişafı ilə bağlı uzunmüddətli proqram – kurikulum tərtib ediləcək, dəstə görüşlərinin təşkili ilə təhsilalanların liderlik bacarıqlarının inkişaf etdirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olunacaq və qeyri-formal təhsil forması – skaut metodlarını praktiki tətbiq etmək üçün düşərgə təşkil ediləcəkdir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qeyri-formal təhsil formasından – skaut metodlarından istifadə etməklə Neftçala rayonunun 3 məktəbində təhsilalanların liderlik bacarıqlarının inkişaf etidirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olmaq və bu istiqamət üzrə kadrların təlimləndirilməsinə nail olmaqdır.
Bildirək ki, düşərgə vasitəsi ilə layihənin uzunmüddətli və dayanıqlı olması ilə bağlı strateji planlar hazırlanacaq, düşərgə təşkil etməklə təhsilalanların tətil günlərini və asudə vaxtlarını səmərəli və öyrədici şəkildə keçirmələrinə yardımçı olunacaq və könüllülük prinsipləri ilə skaut fəaliyyətinin davamalılığını təmin etmək üçün Azərbaycan Skautlar Assosiasiyası ilə əməkdaşlıq edilir.