Azərbaycan Skautlarının növbəti “Wonderland Azərbaycan” skaut düşərgəsi başa çatıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilən ənənəvi düşərgənin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik hislərinin yüksəldilməsi, ekstrimal hallardan çıxış yollarının öyrədilməsi, yeniyetmə və gənclər arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də skaut hərəkatının regionlarda inkişafına dəstək olmaqdan ibarətdir.

And içmiş skautlara sədr tərəfindən fəxri nişan təqim olunarkən

9 rayondan 150-dən çox skautun iştirak etdiyi düşərgə bu il iki hissədən ibarət olub və ilk hissə ötən həftə Masallı rayonunda baş tutub.

Mövzusu “Sirlər xəzinəsi” olan düşərgə “Nizami Gəncəvi İli”nə həsr edilib və 5 günlük proqram dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaradıcılığı üzərində qurulub.

Skaut düşərgəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Skautlar Assosiasiyası tərəfindən 10 ildən çoxdur həyata keçirilir və indiyədək Xacmaz, Quba, Lerik, Şəmkir, Gəncə, Masallı, Şamaxı, Qax və digər rayonlarda təşkil edilib. Növbəti düşərgənin məktəblilərin payız tətili ərəfəsində təşkili planlaşdırılır.